I
Ormanlar, dağlar, bozqırlar qəfəsə salınmış Ala Qurd’dan uzaqlaşdılar. Xırçın heyvan zincirlə bağlı ikən qəfəsdə qıvrılaraq vurnuxurdu. Yorulduğunda öfkə ilə, demir çubuqlarıŋ çevrəsini alan tutsaqçı kişilərə baxınırdı. Onlarıŋ gözü maraqla, qorxmaqsızın qıvraq, iri gövdəli ala qurda tikilmişdi.
Kişilərdən biri, cır və buyurucu səslə danışırdı:
― «Siz mənim peşəmi –vəhşi heyvanları həmilləşdirməўi– doğurdan öўrənmək istəyirsiŋizsə, “Ac qarnıŋ inamı omaz!” ilkəsini unutmamalısıŋız. Düşməniŋiziŋ qarnı siziŋ çörək yoluŋuzdur. Hər türlü ötkəmliўi ovmaq, hər inadı sındırmaq üçün əŋ kəsə yol!... Bu ala qurda baxıŋ: şişəўən bir yırtıcı canavardır. Özgürlüўünə güvənir; yürüş gücünə öўünür. Sakı, çox sürmədən dəўişib yumşacıq bir bəbə kimi uysallaşacaqdır!”
O –Aryan Bəў– dişlərini qıcırdıb loğaz üçün qurddan:
― «Görəsən sevgili qonağımız nə kefdə?!» deyə sordu.
Eləbil onuŋ dilini bilir; heyvan da onuŋ dilini aŋlayırdı. Ala Qurd xırıldayıb dar qəfəsdə, zinciriniŋ uzandığı qədər oyan-buyana vurnuxdu. Hürkünc, qorxunc səslər ilə qıvancsızlığını bildirdi. İki ayağı üstə qalxır, az qalırdı məftillər ardından izləyiciləri parçalasın... Bir sürə yad hərifləri hədələdikdən soŋra ağzı köpüklənərək susdu.
― «Bu o deməkdir ki: “Mənim yemək vaxtım çatıb; birzadlar gətiriŋ!” Ancaq o, bizim tutsağımız olduğunu, burada mənim təkcə əmredici olduğumu bilməlidir!»
Ala Qurd, dişiniŋ dibindən acıqlı-acıqlı qığıldadı.
― «İndi isə, “Qurdalar kimsədən fərman dinləməz!” deyir. Sən artıq qurd deўilsən:» –dedi Bay Aryan,– «Qəfəsə qatılınca, artıq buyruq qulu bir nökərsən! Mənim istədiўimi eyləməlisən. Aŋladıŋ mı?»
Qurd bir daha qorxmaqsızıŋ uladı. Aryan Bəў:
― «Nəmənə?! “Heç vədə birisinə nökər olmam” mı deyirsən? Sən məŋə baş əўməlisən!» –dedi– «Çünkü səniŋ əŋ ilkin ehtiyaclarıŋı qarşılayan mənəm!»
Ala Qurd yenə isyan əlaməti olaraq zincirinə gücənib hafıldadı.
«“Belə isə yemək istəmirəm!” deyir. Buaxıŋ ac qalsın. O sevmədiўi işi görməўə məcbur deўil.»
Ustad soŋra öўrəncilərinə üz tutdu:
― «Bu dikbaşıŋ, ac qarnınıŋ cavabında necə gücsüz qalacağını tezliklə görəcəksiŋiz!»
Heyvanat bağçasınıŋ bu tayına kimsə yanaşanmırdı. Tükürpədici vəhşi bir ulayış duyulurdu; ormanlarıŋ, dağlarıŋ, bozqırlarıŋ özləmi ilə dolu bir çınlayış...
II
İlk’öŋcə işkəncələr başlandı. Əlçatmaz yerdən endirilən qırmanc vurğuları qarşısında qəfəsi qoparmaq istəyən cırnaqları, dişləri ilə özünü barmaqlıqlara çarparaq kükrəyirdi. Qarageyimli kişiniŋ sopasınıŋ başına endirilişi çovumalarına soŋ qoydu. Və qanlı-qadalı gövdəsi bayğın-bayğın yerə sərildi. Düşmən, düşündüўündən daha güclü, daha qurnaz, daha bilinməz idi. Bağırışları, ulayışlarıyla belə, hər öўnə bayılana dək öləsiyə tapdanır, qamçılanır, işkəncə olunurdu. Ancaq, əzildiўinə, kiçimsəndiўinə baxmayaraq o hələ heybətlə başını dik tutub məğrur baxışalrı, ötkəm davranışları ilə mücâdiləyə dəvam edirdi. Hələ də heyvanat bağçasınıŋ o bucağına qorxudan kimsə yanaşabilmirdi...
Axşamlar, heyvanat bağçasınıŋ əŋ quzeyindən bir qurduŋ yanıqlı ulama səsi eşidilirdi. Bu ulayış, qalın meşələriŋ gizəmli qorxusuyla doluykən getdikcə yazıqlaşır, qaranlıq ormanlarıŋ özləmini yaŋsıdan nisgilli iniltilərlə bitirdi...
Bunlar bir yana, yalquzaq qurduŋ qarnı ac idi. Yel kimi özgürcəsinə yemini qovalayıb ovladığı o günləri aŋımsayırdı acı-acı...
O bayılmışkən neçə sopalı heyvərə içəri girdilər. Çiўninə yekə bir şırınqa batırdılar. Uyuşdurucu, damarlarına sızıb qanına qarışırkən içdən-içe dayanılmaz bir uysallıq və üyüşmə ilə qarışıq tutarsızlıq və dinclik duyğularına qapıldı...
III
Bay Aryan qəfəsiŋ həndəvərinə toplaşan öўrəncilərinə öўüd verməkdəydi:
― «Gördüўüŋüz kimi işkəncələr onu daha da qudurdub dirəndirir; onda isyan ruhunu, qururlu mücâdilə hissini oyadır. Ancaq görüŋ bu səssiz işkəncə –‘aclıq’ deyilən əŋ yırtıcı heyvan– nə edəcəkdir oŋa!»
Soŋra qurda döndü:
― «Görünür yaman acıxmı’san! Özüŋü boş yerə əzaba-ölümə salma. Ac olduğunu e’tiraf et; istədiўiŋ qədər ət qazan!»
Ac qurd eləcə susqun-susqun, zağar-zağar baxırdı.
― «Sözümə bax! Dikbaşlıq eləmə heyvan! Aclığını e’tiraf et də qarnıŋ doysun!»
Ac qurd, onuŋ dediklərindən birzad qanmır, dilini aŋlayanmırdı. Ama yavaş-yavaş buŋa da məcbur olurdu. Özlüўünü buraxıb bu ənayın varlığıŋ özəllikləri ilə davranmaqda olduğunu aŋlayırdı. Çöküb iki qolu üstdə uzandı; yavaşca mırıldandı.
Aryan Bəў rişxənd ilə qımışdı:
― «Həri, indi oldu. Sağol ərdəmli heyvan!»
Bay Aryan’ıŋ bircə çirtiўi ilə qurduŋ qabağına bir şaqqa ov əti atıldı.
Əti acgözlülüklə yırtmağa başladı. İsti, qanlı təzə ətə çıxmazdı; ancaq, ‘Acıŋ andı and olmaz!’ deyə düşündü...
IV
O gün, heyvan eўitməni qurda:
― «Bugün yeyəcək istəyirsənsə dediўimi eyləməlisən!» deyə göstəriş verdi.
Qurd öfkə ilə mırıldandı: Mən bir yırtıcıyam. Heç də həmil olmam sizə!
Aryan Bəў:
― «Çox atılıb düşmə!» –dedi.– «Səndən istədiўim çox qolaydır: Odanıŋ içində dolaşıb, ‘Dur!’ dediўimdə durmalısan!»
Qurd öz yanında, bunuŋ öŋəmsiz bir istək olduğunu, danqalıq edib dirənərək aclıq çəkməўiniŋ ağılsızlıq olacağını düşünürdü. Və basırığında fırlanmağa başladı. Ağa sərt, buyurğan ifâdəylə qomud verdi:
― «Dur!»
Qurd yerindəcə dondu. Aryan Bəў duyğusuz bir biçimdə yavaşdan “Sağol!” dedi.
Cerəsini aldığında gözləri parıldadı. Bu dönə xörəўi dondurulmuş ət idi.
İsti ov ətindən endirgənib donuq at-aşqala razılaşmaq acığına gəlirdi. Ama e’tiraz etmədən buŋa da qıyıb dözdü.
Xoca, öўrəncilərinə:
― «İnadı tamamıyla sındırılmışdır.» –dedi.– «Neçə gündən soŋra bu qurd yapmaca kağız canavara dönüşəcəkdir!»
V
Heyvanat bağçasında dinclik ilə tamaşaçılarıŋ heyran baxışlarına sərgilənmək, onları əўləndirmkək elə də ağır bir iş gəlmirdi biləsinə. Getdikcə belə rahat yaşayışa alışırdı. Ətlənmişdi belə.
Onuŋ, “Mən acam. Məndən dolanıb durmamı istə!” deyən yalvarıcı baxışlarını görən Bay Aryan öўrəncilərinə:
― «Görüŋ necə yumuşanmış!» –dedi.– «Daha qomudlarımı sevərək gerçəkləşdirir!»
Soŋra qurda qandırdı ki: İt kimi hürməlidir; yoxsa yemek-memək verilməyəcəkdir! Qurd şaşırdı. Ama, “Sən köpək soyundansan; itsən, it! Hafılda!” dediklərində, dişlərini acıqla qıcırdatdı. Ancaq hirsini gizləyib özünə “Bu da maŋ deўil!” dedi, “İt səsi çıxartsam, biraz da başım dümük olar!”
Biraz düşünüb köpək səsini yaŋsıladı: “Ha-u! Ha-u! Ha-u!”
Ağa qaş-qabağını salladı. Darğın-darğın:
― «Bu nə səsdir?» –dedi.– «Sən bu anqırma-banqırmaya hafıldamaq mı deyirsən?!»
Qurd yeŋidən içdənliklə köpək səsi çıxartmağa çalışdı. Ama, elə-belə qaş-qabaqlı duran Bay Aryan təhqirlə:
― «Kəs səsiŋi! Sus artıq!» –dedi.– «İtləriŋ də abırını apardıŋ! Bugün köpək dilini yaxşıca öўrənməўə fürsətiŋ var. Sabah sınayacağam. Sınaqdan keçənməzsən aclığı gözünə al!»
Deyib uzaqlaşdı.
Daha gecələr, heyvanat bağçasınıŋ o küncündən keçsəydiŋ, gördüўüŋ zad yazıq-yazıq baxan, hərdən itlər kimi hafıldamağa çabalayan evcil bir qurd idi. Ulamağı unutmuş, itə dönmüş bir canavar, hafıldayır, hafıldayabilmir; buŋa görə tamaşaçılar tərəfindən gülüncə qoyulurdu ‘ləhcə’si!...
VI
― «Hafılda, payını al!»
Özünü unutmağa çalışan qurd hafıldadı: “Həw, həw, həw!”
Ağa, çəpik çalıb sevinclə:
― «Sağol!» –dedi.– «İndi mədənîləşdiŋ! Sən doğrudan da soylu heyvansan! Lap qulağı təzəcə kəsilmiş küçüklər kimi hafıldayırsan!»
Ardından qabağına, ət şaqqası yerinə sür-sümük, şır-şıntır tulladılar. E’tiraz yeri yox idi:
― «Sən itsən! İt də təkcə sür-sümük yeyər! Yoxsa qanıxıb qudurar!»
Nə isə buŋa da razılaşmaq, alışmaq olurdu...
Daha orman havasını, ov dadını, hür-ərkin yaşayışını, tosunluğunu, dikbaşlılığını, uzaq çağlara aid hər bir zadını –səsini belə– unudur, yadırğayırdı...
VII
Bəsləyici, qurduŋ qəfəsinə hələ yanaşmamışkən canavar tərmə-tələsik öz-özünə, köpək kimi hafıldamaya başladı. Nədənsə bu davranışı Aryan Bəў’iŋ qaş-qabağını açmadı. Canavar yalmanaraq sanki “Gör necə göўçək hafıldayıram!” deyərcəsinə sürtünür, quyruğunu bulayırdı. Ağa:
― «Haydi, eşşək kimi anqırmalısan!» deyə buyurdu.
Canavar pörtdü. Dişlərini qıcırdıb darğınlıqla mırıldadı: ‘Mən, səsindən bütün canlılarıŋ dirin-dirin əsdiўi qurdam; indi biyol anqırım mı? Ölsəm də bu işi görməm!’
Bəsləyici, dinməz-eləməz qurd damından çəkib getdi.
VIII
Eўitmən, yerə sərilmiş canavarı görüncə, qımışa-qımışa:
― «Eləbil səniŋ göўlüŋ yemək istəmir!» dedi.
Canavarıŋ ağzınıŋ şoşağı axırdı.
― «Yeyəcək-içəcək istəyirsənsə, anqırsana, verim!»
Canavar təbîəti, dağları, ormanları aŋmağa çalışdı da başarısız qaldı. Başladı gözü yumulu anqırmağa.
― «Anqırmağıŋ heç də ürəўə yatmır!» –dedi soylu patron– «Ancaq, mən olduqca kövrəўəm, acıyıram səŋə; deyərəm bir tikə ət versinlər.»
O gün qabağına tullanan yemək at-aşqal və çörək xırdasından artıq birzad deўildi. Yenə xörəўində uyuşdurucu dadı varıdı. Lâkin, titizlik bir yerə çatmaz deyə düşündü.
Bunca sıxıntıdan soŋra başına gələcək yeŋi oyunu gözlərkən başına o sıxıcı tasmaları keçirdilər: Beləliklə buruntağa, kəmsiўə, yüўənə də alışmalı olurdu...
IX
Bugün bəsləyici, canavara dəўişik bir tapşırıqla gəldi:
― «Mənim nitqimiŋ giriş bölümü qurtulduqdan soŋra, heyranlıqla çəpik çalıb alqışla; hənimi yetir!...»
Canavar ‘olsun’ deyə dizə çökdü.
Bay Aryan danışığına başladı:
― «Ey vətəndaşlar! Biliŋ biz dünyanıŋ əŋ əski, əŋ soylu, əŋ uyğar ulusuyuq!... Biz həmişə uğurlu, başarılıyıq!... Dünyanıŋ əŋ gəlişmiş, əŋ qabaqcıl ölkəsi, əŋ mutlu xalqıyıq!... Biz üstünük!... Biz qənirsizik!... Biz başarılıyıq! Biz... Biz... Biz!...»
Canavar başını bulayıb boğazından bir’taxım aŋlaşılmaz səslər çıxartdı: ‘Məni bağışlayıŋ! Mən biliksiz, kültürsüz, mədəniyyətsiz biriyəm. Siziŋ sözləriŋiz çox maraqlıdır; lâkin mən baş tapanmıram. Xoşuŋuza gəlsin deyə çəpik çalıram!’
Və alqışladı.
― «Bilirsən mi; mənim alaçılıqdan, ikiüzlülükdən zəhləm gedər. Buŋa görə bugün cərimə olaraq oruc tutacaqsan!»
X
Ötəki gün canavarıŋ öŋünə bir bağ ot atıldı: ― Ye!
Canavar yerindən oynadı. Qavramsız səslərlə uladı. Hürdü. Anqırdı. Qarşı durdu: ‘Aau... Aaau... Hav hav... Anq!...’ (Bu nə deməkdir? Mən otcul deўiləm, ətciləm!).
Bay Aryan:
― «Sən eşşəksən! İndən belə yalŋız ot-alaq yeməlisən!» deyib getdi.
Bir hovur keçdi; canavar yaman acıxdı. Otdan biraz yeməўə yeltəndi. Dadından ürəўi qalxdı. Geri çəkildi. Nə var ki, bir hovur soŋra aclıq yenə axın etdi və o, yemə yanaşdı. Yavaş-yavaş otları dadımsadı...
XI
Törəli-başlı xaltalanıb uysallaşdığı gün, eўitmən və öўrənciləri, qurd və qəfəs gözdən yox oldular: Canavar dönüb sıradan bir şəhərdaş oldu; qəfəs isə qalabalıq şəhərə dönüşdü...
XII
Tamaşaçılar vərindən kiçimsənən, hər uşağıŋ biləsinə öcəşməklə əўləndiўi təhlükəsiz bir canavar... Aclıq; inadıŋ, iradəniŋ sınması; aşağılanma... Sirk heyvanı; ayı oynadanıŋ göstərişi ilə oyun bəzəyərək xalqı anormallığı ilə güldürən zavallı... Bağ qoruqçusu: Sovsaqlıq üzündən yarayışsız qalmaq... Davar iti: Başaratsız və ‘xâin’ adlandırılmaq; sürünü qurda vermək; işdən atılma...
Şəhəriŋ artıqlarında, küllüklərdə sümsünürkən tren кupeləri kimi zehnindən keçirdi bunlar. Soy-sopunu, kökünü-keçmişini, kimliўini, özgür yabanı yaşamını yadırğamışdı; səsini, dilini belə unutmuşdu. Özlüўü uyuşdurulmuş, yaradılışı yozlaşmış, davranışları dəўişmiş, qururu sınmış, doğal özəlliklərini itirmişdi. Nə cırnaqlarında, dişlərində, gözlərində o əski kəskinlik var idi, nə də qaslarında, dimağında o əski güc... Dinc, uslu, başaşağı, yaxşı bir şəhərdaş!
Uşaqlar gülə-gülə bu təhlükəsizləşmiş köpəўə daş ataraq əўlənirdilər. Artıq, öz yemini ovlayanmayan, öz ayağı üstündə duranmayan canavara, inad və isyan da ölüm demək idi, şenliўi tərketmək də...
Bələdiyə maşını, əlində ov tüfəngi olan işçilərlə yaxınlaşmaqdaydı. Görəvlilər hərdən dincliўi, güvənliўi pozan yaramaz sülək itləri birər-birər qurşunlayaraq ovlayırdılar...
Xəracu
Orucluq-1998
--------------------------------------------------------------------------------
* Suriyəli yazıçı Zəkəriya Tamer’iŋ (Dəmişq, 1931) ‘Qaflanlar Onuncu Gündə’ (əl-Numur fi-l’Yəwm əl-Âşir - Tigers on the Tenth Day; ilk yayım: 1960) öyküsündən əsinlənərək yazılmışdır.
Manqurd (öykü toplusu; Güney Azərbaycan, Zufa: 2001), s.: 35-44.
Hiç yorum yok:
Yorum Gönder